SON XƏBƏRLƏR

Astara Rayon Heydər Əliyev Mərkəzində Azərbaycan xalça rəssamlığı sənətinin nümayəndəsi, Xalq rəssamı, professor Kamil Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Xalçalarda yaşanan ömür” mövzusunda tədbir keçirilib. Bu haqda məlumatı bu gün, 16 dekabr tarixində Azertac verib.

Tədbirdə Kamil Əliyevin öz yaradıcılığı ilə Azərbaycan xalça sənətinə verdiyi töhfələrdən danışılıb. Qeyd olunub ki, Xalq rəssamı ömrünü xalqımızın mədəniyyət tarixində müstəsna yer tutan xalçaçılıq sənətinin parlaq ənənələrinin yaşadılmasına və inkişafına sərf edib. O, milli naxış elementlərindən uğurla bəhrələnərək rəngarəng dekorativ motivlər yaradıb, Azərbaycan xalçaçılığı və tətbiqi sənətini daim yeni ornamentlərlə zənginləşdirib.

Kamil Əliyevin əsərləri dünyanın mötəbər muzey, qalereya və sərgi salonlarında nümayiş olunub. O, xalçaçı kadrların hazırlanması işinə də mühüm töhfələr verib.

Sonra Astara Rayon Heydər Əliyev Mərkəzinin “Xalçaçılıq” dərnəyində müəllim və şagirdlərin iştirakı ilə təlim keçib.

Sonda tədbir iştirakçıları Heydər Əliyev Mərkəzinin və Astara Rayon Dövlət Rəsm Qalereyasının birgə təşkil etdiyi sərgi ilə tanış olublar.