SON XƏBƏRLƏR

Astara rayon sakininin evi, yanğın nəticəsində yararsız hala düşüb. Bu haqda məlumatı bu gün, 29 dekabr tarixində Real TV verib.

Belə ki, rayonun Miki kənd sakini İlhamə Hüseynovanın evi 2019-cu ildə yanmışdır. Evi bərpa etməyə imkanı olmayan xanım kənd ərazisində quraşdırdığı çadırda qalır. Dözülməz vəziyyətdə yaşadığını qeyd edən İlhamə xanım 3 uşaq anasıdır.

İlhamə xanım bildirir ki, kənd sakinləri daim ailəyə dəstək olublar. Onlar hətta yeni ev tikintisinə ailəyə kömək ediblər, lakin işi tamamlaya bilməyiblər.

Yaranan problemlə bağlı Astara Rayon İcra Hakimiyyətinə Real TV əməkdaşları müraciət ediblər. Oradan onlara bildirilib ki, yanğın hadisəsindən dərhal sonra ailəyə çadırla yardım edilib. Bundan sonra çadırın döşəməsi üçün taxta materialları və iki dəfə pul şəklində köməklik göstərilib. Lakin yanmış ev sığortalanmadığı üçün və İcra Hakimiyyətinin balansında fərdi evlərin tikintisi üçün maliyyə nəzərdə tutulmadığından ailəyə yeni ev tikmək mümkün deyil.

Lakin Memarlıq və tikinti şöbəsindən bildirildi ki, yarımçıq tikilinin tamamlanmasına yardım edilməsi üçün ailə İcra Hakimiyyətinə yenidən ərizə ilə müraciət edə bilər.