Lənkəran regional miqrasiya idarəsi tərəfindən Astara Rayon Gənclər Mərkəzində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) yerli nümayəndəliyi ilə birgə turizm sektorunun təmsilçiləri üçün maarifləndirmə tədbiri keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 27 iyul tarixində Azertac-a istinadən verir.
Tədbirdə miqrasiya qanunvericiliyinin tələbləri, əcnəbilərin insan alveri qurbanına çevrilmə riskləri, olduğu yer üzrə qeydiyyat qaydaları və inzibati məsuliyyət barədə məlumat verilib. Həmçinin “919” çağrı mərkəzinin, üç dildə fəaliyyət göstərən www.migration.gov.az saytının və MigAz tətbiqinin üstünlükləri tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Bundan başqa, Yevlax regional miqrasiya idarəsinin əməkdaşları sağlamlıq imkanları məhdud Kifayət Əkbərovaya səyyar xidmət göstərib. Onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün sənədləri yaşadığı ünvanda qəbul edilib.