SON XƏBƏRLƏR

Astarada ərinin əmisi arvadını qətlə yetirməkdə təqsirləndirilən Gülsevər Ağayevanın cinayət işi üzrə məhkəmə iclası başlayıb. Bu haqda məlumatı bu gün, 5 fevral tarixində Apa verib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Cəlil Nəbiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası 17 fevrala təyin edilib.

Qeyd edək ki, hadisə 2021-ci ilin oktyabrında Astara rayonunun Şəmətük kəndi ərazisində baş verib. 27 yaşlı G. Ağayeva şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı ərinin əmisi arvadı, 60 yaşlı Mehparə Ağayevaya bıçaqla çoxsaylı xəsarətlər yetirərək öldürüb.

Faktla bağlı Astara Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. G.Ağayeva şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Onu da qeyd edək ki, bir müddət əvvəl Mehparə Ağayevanın oğlu Famil Ağayev əmisi oğlu Musa Ağayevi, yəni Gülsevər Ağayevanın qaynını bıçaqlayaraq öldürüb.