SON XƏBƏRLƏR

Astara rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev Rudəkənar kəndində əhali ilə səyyar qəbul-görüş keçirib. Bu haqda məlumatı Cenublu.az bu gün, 6 yanvar tarixində verir.

İcra başçısı görüş iştirakçılarını salamlayaraq bildirib ki, Suparibağ inzibati ərazi dairəsinə daxil olan kəndlərdə son illər bir çox işlər görülüb – Rudəkənar kənd ümumi orta məktəbi də daxil olmaqla bir neçə yeni məktəbin tikintisi, yolların asfaltlanması, elektrik xətt təsərrüfatında aparılan təmir işləri və s. Bunlardan ən əsası isə Astaraçayda aparılan sahilbərkitmə işləridir. Payız-qış mövsümündə güclü yağışlar yağan zaman çayda suyun səviyyəsinin qalxması ilə həyətləri, evləri su basır, təsərrüfatlara böyük ziyan dəyir. Çayda böyük məsafədə sahilbərkitmə işləri aparılmaqla sel təhlükəsinin qarşısı alınıb. Bu işlər hazırda Qapıçıməhəllə kəndi istiqamətində davam edir.

Sakinlər isə öz növbələrində çıxış edərək Rudəkənar kəndinin Astara şəhərinə birləşdirilməsi, kəndə içməli su xəttinin çəkilməsi, məhəllə yolunun təmir edilməsi və məhəllədən keçən suötürücü kanalda borunun qoyulması ilə bağlı müraciət ediblər.

İcra başçısı qaldırılan məsələlərlə əlaqədar idarə, müəssisə rəhbərlərinə tapşırıqlar verib və həlli vaxt tələb edən problemləri diqqətdə saxlayacağını bildirib.