SON XƏBƏRLƏR

Astara rayonunun Təngərüd kəndində marketlərdə spirtli içki satılmır. Bu haqda məlumatı Cenublu.az bu gün, 18 noyabr tarixində Apa TV-yə istinadən verir.

Kənddə spirtli içki içənlərin sayı kifayət qədər olsa da, artıq 30 ilə yaxındır ki, market sahibləri və din adamları burada spirtli içki satılmamasına xüsusi diqqət yetirirlər.

Deyilənlərə görə, bir zamanlar Təngərüddə məscid belə olmayıb. Kənd ağsaqqalı Feyzulla Allahverdiyev 1990–ci illərdə kəndin ilk məscidini tikdirib və ərazidəki mağazaları bir-bir gəzərək spirtli içki satmamalarını xahiş edib. Həmin vaxtdan indiyə kimi nə marketlərdə, nə də toylarda spirtli içki olmur.

Feyzulla Allahverdiyevin oğlu Vahid Allahverdiyev hazırda məscidin din icma rəhbəridir. O, bildirib ki, artıq 1995-ci ildən bu günə kimi kənddə içki satılmır.

“Atam, rəhmətlik Feyzulla 2014-cü ildə dünyasını dəyişdi bu günə kimi kənd camaatı ona hörmət olaraq içki satmır”.

Feyzulla kişi dünyasını dəyişəndən sonra yenidən, kənddə spirtli içkiləri satmağa cəhd göstərənlər olub. Bunun üçün ayrıca marketlər də açıblar. Lakin din xadimləri onlarla təbliğat işləri aparıb, içkini yenidən yığışdırıblar.

Qeyd edək ki, 5 min nəfər əhalisi olan Təngərüddə yas mərasimləri illərdir ki, 7 gündən 3 günə salınıb, cümə axşamları ləğv edilib, xurafatlar aradan qaldırılıb və mollaların ölü sahiblərindən pul almaq məsələsi yığışdırılıb.