SON XƏBƏRLƏR

Astara rayonunun Şahağacı kəndində 10 gün bundan əvvəl yağan intensiv yağışların fəsadları hələ də qalmaqdadır. Bu haqda məlumatı Cenublu.az bu gün, 27 dekabr tarixində Apa.az-a istinadən verir.

“Yeni məhəllə” adlanan ərazidə sakinlərin həyətyanı sahələrinə, küçələrə yığılıb qalan qrunt suları bir sıra problemlər yaradıb. Hətta kənddə şagirdlər dərsə getmək üçün iki ayaqqabıdan istifadə edirlər.

Baş verən problemin başlıca səbəbi ərazidə kanalizasiya sisteminin olmaması və suötürücü arxların tutulmasıdır. Sakinlər bildiriblər ki, aidiyyəti qurumlar ara yollara su ötürücü borular çəksələr, ərazidə bu vəziyyət yaranmaz.

Məsələ ilə bağlı Şahağacı kənd bələdiyyəsinin sədri Samir Mayılov bildirib ki, problemdən xəbərdardırlar. Bir neçə dəfə həmin ərazidə olunub, problemin həlli yolları araşdırılıb. Artıq suötürücü borular alınıb. Hava şəraiti uyğun olarsa, işlərə başlanılacaq.

Qeyd edək ki, Astara rayonunun Şahağacı kəndindəki mövcud problem uzun müddətdir ki, yaranıb. Bir neçə dəfə kənd sakinlərinin şəxsi hesabları ilə məhəllədə işlər görülüb. Bu kənddə kanalizasiya sisteminin yenidən qurulmasına ehtiyac var.