Astara rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev Kijəbə qəsəbəsində vətəndaşlarla səyyar qəbul-görüş keçirib. Bu haqda məlumatı Cenublu.az bu gün, 7 iyul tarixində Astara rayon İcra Hakimiyyətinə istinadən verir.
Qəbulda rayonun inzibati orqanlarının, idarə və müəssisələrin rəhbərləri iştirak ediblər. İcra başçısı ilk öncə qəsəbədə görülən işlər haqda danışıb – parkın salınması, qəsəbə tam orta məktəbi və ailə sağlamlıq mərkəzinin binalarının əsaslı təmiri, bayraq meydanına və səkilərə daş üzlüklərin döşənməsi, qəsəbənin əsas küçələrinin işıqlandırılmasıdır. Həmçinin o qeyd edib ki, Kijəbə-Maşxan, Kijəbə-Ojakəran, Kijəbə-Qəcimardə, Ojakəran-Tüləküvan-Təngərüd avtomobil yolları və Lovayın yaşayış massivinə gedən yollar asfaltlanıb, Şəmətük kəndində avtomobil körpüsü salınıb, suötürücü kanallar lildən təmizlənib, xeyli quruculuq-abadlıq işləri görülüb. İcra başçısı əlavə edib ki, yaxın günlərdə qəsəbə daxili yola iki istiqamətdə asfalt döşənəcəyi də gözlənilir.
Sakinlər görülən işlərlə yanaşı qəsəbədə sahə xəstəxanasının istilik sisteminin qaz xəttinə birləşdirilməsi, təzə məhəllələrin qazlaşdırılması, suötürücü kanalın qazılaraq təmizlənməsi, qəsəbədaxili yolların təmiri barədə müraciətlər ediblər.
İcra başçısı qaldırılan müəyyən məsələlərin həllindən ötrü idarə, müəssisə rəhbərlərinə tapşırıqlar verib, digərlərinin həllinin diqqətdə saxlanacağını bildirib.