SON XƏBƏRLƏR

Astara rayonunun Şiyəkəran kəndindəki körpü qəzalı vəziyyətdədir. Bu haqda məlumatı Cenublu.az bu gün, 2 dekabr tarixində  APA-ya istinadən verir.

Son 3 gün ərzində rayona yağan leysan xarakterli yağışlar Pensərçayın  səviyyəsinin 3 metrədək qalxmasına səbəb olub. Bu da öz növbəsində  körpünün qəzalı vəziyyətə düşməsinə təkan verib.

Dayaqları olmayan körpü öz konstrusiyası hesabına dayanır.  Bu yoldan şagirdlərin çoxu məktəbə getmək üçün istifadə edir. Körpüdən 7 tonluq maşınlara məhdudiyyət qoyulduğundan, sakinlər becərdikləri məhsulu bazara çıxarıb sata bilmirlər.

1993-cü ildə tikilən körpü bir müddətdən sonra – sel sularının dayaqları yuyub aparmasından sonra qəzalı vəziyyətə düşüb. Körpü bir neçə dəfə təmir edilsə də, yenidən eyni hal baş verib. Qəzalı körpü barədə aidiyyəti instansiyalara müraciət olunub. Komissiyalar məkana baxış keçirdikdən sonra qərara alınıb ki, burada yeni körpü tikilsin.

“Yeni körpü 33 metr uzunluqda, dəmir-beton konstruksiyalı olacaq. Körpü iki hissədən ibarət olmaqla, 8 metr enində olacaqdır”, – Kəndin ərazi dairəsi üzrə nümayəndəsi Elşad Məcidov bildirib.

Yeni körpünün tikilişi qarşıdan gələn 2023-cü ilin yanvar ayında nəzərdə tutulub.