SON XƏBƏRLƏR

Astara rayonu Suparibağ kənd körpələr evi-uşaq bağçasının sabiq müdiri Gülnarə Məcidovayla bağlı cinayət işinin istintaqı tamamlanıb. Bu haqda məlumatı bu gün, 15 noyabr tarixində Azərbaycan Respublikasının Baş Prokurorluğunun Mətbuat xidməti verib.

Belə ki, Gülnarə Məcidova vəzifədə işləyərkən 2017-2020-ci illər ərzində rəhbərlik etdiyi müəssisənin 3 işçisinin faktiki olaraq işə gəlməməsinə baxmayaraq, müvafiq rəsmi sənədlərlə onların guya işə çıxması və əməkhaqqı almasına dair sənədlər imzalayıb və həmin şəxslərin adlarına olan əməkhaqqı kartlarına köçürülmüş ümumilikdə 14 min manat məbləğində pul vəsaitini qanunsuz olaraq ələ keçirməsində əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanmış sübutlar əsasında Gülnarə Məcidovaya Cinayət Məcəlləsinin 179.2.3 (qulluq mövqeyindən istifadə etməklə mənimsəmə), 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla mənimsəmə) və 313 (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilərək cinayət işi baxılması üçün aidiyyəti məhkəməyə göndərilib.

İstintaq zamanı dəymiş ziyanın tam ödənilməsi təmin edilib.