SON XƏBƏRLƏR

Astara rayonunda kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib. Bu haqda məlumatı Azertac verib.

Görüşdə Astara Rayon İcra Hakimiyyətinin, Sahibkarlığın İnkişafı Fondunun, Astara Dövlət Aqrar İnkişaf Mərkəzinin, Lənkəran KOB İnkişaf Mərkəzinin və maliyyə qurumlarının nümayəndələri, eləcə də rayonda fəaliyyət göstərən 30-a yaxın sahibkar iştirak ediblər.

Tədbir çərçivəsində sahibkarlar kənd təsərrüfatı sahəsində ölkədə həyata keçirilən və hazırda davam edən layihələr, eləcə də bu sahədə mövcud qanunvericilik, dövlət dəstəyi tədbirləri barədə məlumatlandırılıblar. Görüşdə sahibkarların qarşılaşdıqları çətinliklər, maliyyə resurslarına çıxış, torpaq sənədlərinin rəsmiləşdirilməsi və sair istiqamətlərdə müzakirələr aparılıb, təkliflər dinlənilib və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, görüş Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə baş tutub.

Foto Azertac
Foto Azertac