SON XƏBƏRLƏR

Astara rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev “AS-AQRO” MMC-nin Şahağac kəndi ərazisində yeni salınan intensiv sitrus meyvə bağında olub. Bu haqda məlumatı Cenublu.az bu gün, 23 may tarixində verir.

İcra başçısına məlumat verilib ki, ümumi sahəsi 25 hektar olan sitrus meyvə bağının salınmasına bu ilin mart ayından başlanılıb. Türkiyəli mütəxəssisin rəhbərliyi ilə torpaq əkin üçün tam hazır vəziyyətə gətirilib, ən yeni üsullarla tinglərin əkilməsinə başlanılıb. Sitrus bağında hər hektarda 650 ədəd olmaqla ümumilikdə 16 mindən çox Türkiyədən gətirilmiş “Okidsu” və “Mihovaze” sortu olan naringi tingləri əkilir. Hazırkı iş prosesində təsərrüfatda gündəlik 60 nəfərdən çox fəhlə çalışır. Əkin başa çatandan sonra sitrus bağında müasir suvarma sistemlərinin qurulmasına başlanacaq.

İcra başçısı təsərrüfatda görülən işlərlə tanış olub, yeni yaradılan təsərrüfatların ölkədə məhsul bolluğunun yaradılması və əhalinin məşğulluğunun təmin edilməsində əhəmiyyətini vurğulayaraq sahibkarın əməyini yüksək qiymətləndirib.

Sonda icra başçısı sahibkarın problemləri ilə maraqlanıb, tövsiyələrini verib.