SON XƏBƏRLƏR

Astara rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev Pəlikəş kəndində sakinlərlə səyyar qəbul-görüş keçirib. Bu haqda məlumatı Cenublu.az bu gün, 20 oktyabr tarixində verir.

Görüşdə rayonun inzibati orqanlarının, idarə və müəssisələrin rəhbərləri iştirak ediblər.

İcra başçısı son dövrlər ərzində Pəlikeşdə və ətraf kəndlərdə görülən işlər haqda məlumat verib. O qeyd edib ki, Düriyyə, Lomin, Şəvqo, Dolu kəndlərində yeni məktəb binası, Pəlikəşdə xəstəxana binası tikilib. İşığı və avtomobil yolu olmayan Şəvqo, Dolu, Sibiyyət, Diqo kəndlərinə elektrik xətti və avtomobil yolu çəkilib, Diqo kəndində yeni məktəb binasının inşasına başlanılıb. Şümrüd kəndində təbii fəlakət nəticəsində evləri qəzalı vəziyyətə düşmüş 18 ailə üçün inşa edilən yeni evlərin tikintisi başa çatmaq üzrədir. Pəlikəş-Şümrüd yolu genişlənib.

Şümrüd kənd tam orta məktəbi üçün yeni binanın və Düriyyə-Şümrüd yolunun tikintisi də yaxın vaxtlarda həllini tapacaqdır.

Görüş iştirakçıları məhəllədə əlavə elektrik transformatorunun qoyulmasına, qəzalı vəziyyətdə olan elektrik dirəklərinin dəyişdirilməsinə, Pəlikəş kənd tam orta məktəbində yaranmış çatların təmir edilməsinə, kəndə internetin verilməsinə, Deqadi-Pəlikəş avtomobil yolunda çökən yerlərin təmir edilməsinə köməklik göstərilməsini xahiş ediblər.

İcra başçısı isə öz növbəsində bildirib ki, sakinlərin müasirliyin göstəricisi olan internet tələb etməsi əslində böyük irəliləyişdən, inkişafdan xəbər verir. Vaxt var idi ki, bu kəndlərə gəlmək üçün saatlarla vaxt sərf olunurdu. Yol yox idi, işıq fasilələrlə, müəyyən saatlarda verilirdi. Payız və qış aylarında əhali ilə görüşmək mümkün deyildi. Pəlikəş və ətraf kəndlərə avtomobil yolunun çəkilməsi ilə əhalini narahat edən ən böyük problem öz həllini tapıb.