Bu gün, 9 oktyabr Astara rayonundan olan şəhid həkim, baş leytenant Nurlan Əhliman oğlu Fərəməzovun anım günü mərasimi keçirilib. Bu haqda məlumatı Astaradan seçilən deputat Rəşad Mahmudov öz Facebook səhifəsində paylaşıb.
Anım mərasimində Astara rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev, millət vəkilləri Rəşad Mahmudov, Ziyafət Əsgərov, YAP Astara rayon təşkilatının və hüquq mühafizə orqanlarının rəhbərləri, səlahiyyətli şəxslər və rayon əhalisi iştirak ediblər.
Onlar şəhidimizin il dönümü ilə bağlı verilən ehsan məclisində iştirak ediblər və onun ailə üzvlərinə başsağlığı veriblər. Daha sonra şəhidimizin məzarı ziyarət edilib, ruhuna dualar oxunub.
Qeyd edək ki, Nurlan Fərəməzov 1 may 1992-ci ildə Astara rayonunun Təngərüd kəndində anadan olub. 2009–2015-ci illərdə Azərbaycan Tibb Universitetinin (ATU) Hərbi tibb fakültəsində təhsil alıb. “Vətən müharibəsi” zamanı yaralı hərbçiləri döyüş meydanından çıxararkən şəhid olub. Ölümündən sonra “Vətən uğrunda” və “İgidliyə görə” medalları ilə təltif edilib.