SON XƏBƏRLƏR

Astara Rayon Gənclər və İdman İdarəsinin əməkdaşları şəhid idmançı Sadiq Bağırzadənin şəhadətinin ildönümü münasibəti ilə onun ailəsini və məzarını ziyarət ediblər. Bu haqda idarənin rəsmi Facebook səhifəsində paylaşılıb.

19 yaşlı Astara rayon Ərçivan qəsəbə sakini Sadiq 3 nömrəli tam orta məktəbi bitirmişdir. Milli Orduda Xüsusi təyinatlı dəstə əsgəri olan Bağırzadə, 30 sentyabr 2020-ci il tarixində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.

Göstərdiyi qəhrəmanlığa görə “Vətən uğrunda” (15.12.2020) və “Cəsur döyüşçü”(18.12.2021) medalları ilə təltif olunmuşdur.

Sadiq Bağırzadə boks üzrə 50 kq çəki dərəcəsində Azərbaycan birinciliyinin zona yarışında respublika birincisi olmuşdur. O həmçinin, Biləsuvar rayonu üzrə qalib və Azərbaycan yığma komandasının üzvü olmuşdur.

Astara Rayon Gənclər və İdman İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Rufan Şirinov və “Vətən müharibəsi” veteranları Ələskər Əskərov və Abbas İbrahimli şəhidin məzarını ziyarət ediblər.