SON XƏBƏRLƏR

Astara “Şindan” otelinin konfrans zalında Astara Pedaqoji Kollecinin Tələbə Gənclər Təşkilatının üzvləri ilə Avrasiya Millət Assambleyası Ədəbiyyat həmsədri, respublikanın əməkdar jurnalisti, Azərbaycan Yazıçılar Birliyinin İdarə Heyətinin üzvü, ”168 saat” qəzetinin redaktoru, yazar, ”Pen” klubunun üzvü Varis Yolçuyevlə görüş keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 21 noyabr tarixində Astara rayon Gənclər və İdman İdarəsinə istinadən verir.

Görüşdə şəhid Kamran Fərəcovun həyat yoldaşı Nuranə Fərəcova, şəhid Nurlan Rəhimovun həyat yoldaşı Səbinə Rəhimova, “Sım kitab köşkü”nün təsisçisi Fəranə Mikayılova, Astara rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Bəhlul Rufullazadə, yazıçının uşaqlıq dostu Telman Aslanov çıxış edərək yazıçının yaradıcılığı ilə bağlı xoş təəssüratlarını bölüşüblər.

Sonra şəhid Nurlan Rəhimovun oğlu Əlövsət Rəhimli və qızı Səidə Rəhimli şeir söyləyiblər.

Yazıçı isə öz növbəsində yaradıcılığı ilə bağlı danışıb, gənclərə uğura gedən yolların sirləri barədə məlumat verib, görüşə qatılanların suallarını cavablandırıb, onların gətirdikləri kitabları imzalayıb.

Görüşdə fəal astaralı oxuculara – Astara Pedaqoji Kollecinin tələbələri Zəhra Babayeva, Qənirə Nuriyeva, Sevinc Musayeva və Rusanə Hüseynovaya müəllif özünün imzalı “Qırmızı ləçəklər” kitabını hədiyyə verib. Sonda 44 günlük Vətən müharibəsi qazisi və tədbirin təşkilatçısı Abbas İbrahimli astaralı gənclər adından müəllifə xatirə hədiyyəsi təqdim edib.