SON XƏBƏRLƏR

Dövlət Gömrük Komitəsinin (DGK) Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara Gömrük postunun rəisinə cinayət işi açılıb. Bu haqda məlumatı bu gün, 8 yanvar tarixində Baş Prokurorluğun Mətbuat Xidmətindən Report -a verilib.

Belə ki, Astara bölməsinin rəisi Etiqam Babayev ayrı-ayrı vaxtlarda İran İslam Respublikasının vətəndaşları tərəfindən müvəqqəti saxlanca qəbul etdiyi, dəyəri ümumilikdə 33 min 440 manat təşkil edən tibbi vasitələrini Astara şöbəsinin inspektoru İsmətulla Tağıyev ilə aralarındakı sövdələşməyə uyğun olaraq, saxta akt tərtib edərək sərhəddən buraxıb.

İş üzrə toplanan sübutlar əsasında Etiqam Babayev Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri, İsmətulla Tağıyev isə həmin məcəllənin 309.1 (vəzifə səlahiyyətlərini aşma) və 32.4, 313-cü (vəzifə saxtakarlığına təhrik etmə) maddələri ilə cinayət işi baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.