Bu gün, 19 oktyabr tarixində Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi Ramiq Təhsin oğlu Ağayevin şəhadətə ucaldığı gündür.
Ramiq Ağayev 12 fevral 1992-ci ildə Astara rayonunun Səncərədi kəndində anadan olub. 2009-cu ildə Səncərədi kənd tam orta məktəbini bitirib. Uşaq yaşlarından tankçı olmaq arzusunda olub və öz istəyinə çatıb. 2010-cu ildə həqiqi hərbi xidmətə çağırılıb. Müdafiə Nazirliyinin “Gizir hazırlığı hərbi kursu”nu bitirib. Sonra sürücü-mexanik kimi 2012-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sırasında hərbçi ömrünü yaşamağa başlayıb. Ramiq 2016-cı il Aprel döyüşlərində igidlik göstərib.
Vətən müharibəsi zamanı ermənilərin çoxlu istehkam qurğularını və canlı qüvvəsini məhv edib. Cəbrayılın alınması uğrunda gedən qızğın döyüşlərdə ağır yaralanıb, 13 gündən sonra 19 oktyabr tarixində şəhidlik zirvəsinə ucalıb və Səncərədi kəndində dəfn olunub. 3 oğul övladı Vətənə əmanət qalıb.
Ölümündən sonra MAHHXHQ əsgər Ağayev Ramiq Təhsin oğlu “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub.