Bu gün Arif İsmayıl oğlu Qeybiyevin şəhidlik zirvəsinə ucaldığı gündür.
Arif Qeybiyev 6 iyun 1997-ci ildə Astara rayonunun Səncərədi kəndində anadan olub. E. Ağayev adına Səncərədi kənd tam orta məktəbini bitirdikdən sonra Astara Pedaqoji Kollecinin idman fakültəsində orta ixtisas təhsili alıb.
Arif Qeybiyev orta məktəb dövründə idmanın atletika növü ilə məşğul olub. Rayon və ölkə üzrə yarışlarda ilk üçlüyə düşüb. Bundan başqa, atletika üzrə 50-dən çox diplomu var, onlardan 30-u birincilik üzrədir. 2015-ci il Avropa Oyunlarının iştirakçısı olub. Tarixi İpək yolu üzərində yerləşən qədim Astarada alovqoruyanların müşayiəti ilə keçirilən məşəl yürüşündə Arif Qeybiyev də iştirak edib.

Arif Qeybiyev 2016-cı ilin iyul ayında Azərbaycan Silahlı Qüvvələrinə müddətli həqiqi hərbi xidmətə çağırılıb. Hərbi xidməti müddətində 2 dəfə tərifnamə ilə təltif olunub. Hərbi xidmətini 2018-ci ilin yanvar ayında başa vurub. Ordu sıralarında xidmət etmək üçün 3 dəfə sənəd verib, lakin qəbul olmayıb. Ancaq 4-cü dəfə sənəd verərkən istəyinə nail olub.
Arif 2018-ci ilin oktyabr ayında hərbi kursa çağırılır. 2019-cu ilin yanvar ayında Ağcabədi rayonunda yerləşən hərbi hissədə müddətdən artıq xidmət edən hərbi qulluqçu olaraq tankçı kimi xidmət etməyə başlayır. 2019-cu ilin avqust ayında təyinatı Füzuli rayonunda yerləşən hərbi hissəyə verilir və şəhadətinə qədər xidmətini orada davam edir.
27 sentyabr 2020-ci ildə başlanan Vətən müharibəsi zamanı Füzuli döyüşlərində Arif Qeybiyevin dostu, tankçı Mirrahil Teymurlunun tankı minaya düşür və Arif öz tankından düşüb, 100-200 metr aralıda olan dostunun tankına çatıb dostunu xilas etmək istəyərkən erməni snayperinin gülləsinə tuş gəlir və şəhid olur.

Şəhid Astara rayonunun Ərçivan qəsəbəsində dəfn olunub.
Ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub.