SON XƏBƏRLƏR

Bu gün, 24 dekabr tarixində Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində yürüşə çıxan 3 alpinistin itkin düşməsinindən 5 il keçir.

“Gilavar” İdman Klubunun üzvləri – əslən Masallı rayonunun Şərəfə kəndindən olan Fəridə Cəbrayılzadə, polis leytenantı, əslən Astaranın Giləkəran kəndindən olan Babur Hüseynov və Şəmkir rayonundan olan Namin Bünyatzadə ilə sonuncu əlaqə 24 dekabr 2017-ci il axşam saatlarında saxlanılıb.

Axtarışları Dövlət Sərhəd Xidmətinin, Fövqəladə Hallar Nazirliyinin, Ekologiya Nazirliyinin və FAİREX-in (Azərbaycan Hava və Ekstremal İdman növləri Federasiyası) üzvlərindən ibarət komanda həyata keçirib. 2018-ci ilin yanvar ayında axtarışlara Avstriya və Türkiyədən də mütəxəssislər cəlb olunublar. Axtarışların aparıldığı ərazidə alpinistlərə aid çadırın yeri yalnız 16 may 2018-ci il saat 18:00 radələrində müəyyən edilib və ilkin olaraq 1 kişi meyiti aşkar edilib. Həmin gün 19:00 radələrində isə daha 2 meyit (kişi və qadın) aşkar edilib.

Fəridə Zəbiyulla qızı Cəbrayılzadə Masallı rayonunun Şərəfə kəndində, Babur Hüseynov Astara şəhər qəbiristanlığında, Namin Nizami oğlu Bünyatzadə isə Şəmkir rayonunun Çinarlı qəbiristanlığında atasının yanında dəfn ediliblər.