ABŞ-nin ölkəmizdəki Müvəqqəti işlər vəkili Hüqo Gevara Lənkəran və Astara icra başçıları ilə görüşüb. Bu haqda bu gün, 2 mart tarixində Cenublu.az xəbər verir.
Vəkil səfər proqramı çərçivəsində öncə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovla görüşüb. Görüş zamanı Lənkəran ŞİH-nin başçısı rayon haqqında xarici diplomata məlumat verib. Taleh Qaraşov Lənkəranın tarixi, coğrafi mövqeyi, təbiəti, iqtisadi və turizm potensialı barədə amerikalı qonağı geniş şəkildə məlumatlandırıb.
Daha sonra diplomat LDU-da Amerika Guşəsi və Gənclərin Texnoloji İnnovasiyaları layihəsinin iştirakçıları ilə görüşüb.
Astara rayon icra başçısı Qəzənfər Ağayevlə görüşən vəkil Gömrük Keçid Məntəqəsində və Astara Dəmir Yolu Gömrük Keçid Məntəqəsində ABŞ tərəfindən ianə edilmiş rentgen-nəzarət avadanlıqlarına baxış keçirib
Hüqo Gevara Azərbaycan daxilində ikinci səfərini məhz cənub regionuna etdiyini vurğulayıb. Amerikalı diplomat rayonun turizm potensialını yüksək qiymətləndirib. H.Gevara ölkələrimiz arasındakı uğurlu diplomatik əlaqələrin mövcudluğundan məmnunluğunu ifadə edib.