Masallı rayonu Mahmudavar kənd orta məktəbinin binası qəzalı vəziyyətdədir. Bu haqda məlumatı Cenublu.az bu gün, 1 may tarixində Space TV-yə istinadən verir.
45 il əvvəl istifadəyə verilən məktəb binası bu günə kimi əsaslı təmir olunmayıb. Məktəbin pəncərələri, qapıları sınıq, döşəmə və tavanı, demək olar ki, dağılıb. İstilik sistemindən isə danışmağa dəyməz.
Vaxtı ilə 2 növbəli olan məktəbdə 800-ə yaxın şagird təhsil alıb. Hazırda 640 yerlik məktəbdə 397 şagird oxuyur. Artıq aidiyyəti orqanların nümayəndələri məktəbə baxış keçiriblər. Məktəbin əsaslı təmir olunması üçün qərar verilib.
Masallı rayonu üzrə təhsil sektorunun müdiri, Qoşqar Hətəmov: “Tərəfimizdən məktəbə baxış keçirilərkən divarlarda çatların olduğu müəyyən edilmişdir. Lənkəran-Astara təhsil idarəsi tərəfindən Elm və Təhsil nazirliyinin əsaslı tikinti və təchizat idarəsinə müvafiq məlumat verilmişdir. Gələcəkdə dövlət proqramı hesabına məktəbdə əsaslı təmir işlərinin aparılması nəzərdə tutulmuşdur”.