SON XƏBƏRLƏR

2022-ci il yadımızda daha çox kadr islahatları ilə qaldı. İslahatlar cənub zonasından da yan keçmədi. Bir çox məmurlar vəzifə səlahiyyətlərindən sui-istifadə etdiklərinə görə vəzifələrindən uzaqlaşdırıldılar. Bəziləri isə sakitcə, necə deyərlər, papaqlarını başlarına qoyub getdilər. Gəlin birlikdə baş vermiş hadisələrə nəzər salaq.

Beləliklə, 2022-ci ilin ən böyük səs-küyünə səbəb olan məmur qalmaqalını Lənkəran İcra Hakimiyyəti başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Rəsilə Arifqızına aid etmək olar. Carı ilin iyul ayında o, qızının sinif yoldaşını döyməkdə ittiham olunub. Hadisə zamanı onun yanında 4 nömrəli humanitar təmayüllü məktəb-liseyin direktoru Yeganə Əsgərova da olub. Sadəcə prosesi müşahidə edən məktəb direktoru çox keçmədi ki, vəzifəsindən azad olundu. Rəsilə Arifqızı barəsində isə Cinayət Məcəlləsinin 309.1-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıldı və o da vəzifəsindən uzaqlaşdırıldı. Lənkəran Rayon Məhkəməsində hakim Rəşad Məmmədovun sədrliyi ilə keçirilən məhkəmədə isə o, son sözündə məsələni bu qədər böyütməsindən peşman olduğunu söylədi. Hökmə əsasən, R.Arıfqızı 4 min manat məbləğində cərimə olundu.

Bölgədə ikinci böyük ajiotaj yaradan xəbər isə Masallı rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədovun vəzifəsindən uzaqlaşdırılması oldu. Onu bu vəzifədə əvəz edən DTX-də idarə rəisi vəzifəsini icra edən, general-mayor Araz Əhmədov oldu. Təyinatından 1 ay sonra Araz Əhmədov birinci müavin Məmmədhüseyn Hüseynovu vəzifəsindən azad edib. Həmçinin Prezidentin digər Sərəncamı ilə Əkbər Abbasov uzun müddət boş qalan Lerik rayon İcra Hakimiyyətinin başçısı təyin olunub. Təyinatından bir neçə ay sonra o, rayonun 27 il birinci müavini işləyən Cəlil Baxşıyevi vəzifəsindən kənarlaşdırıb.

Carı ilin oktyabr ayı isə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Lənkəran şəhər İcra Hakimiyyətində keçirdiyi əməliyyatla yadda qaldı. Beləliklə, Lənkəranın baş memarı Abdullayev Elgün Əzizulla oğlu və Lənkəran Şəhər Rayonlararası Psixiatriya xəstəxanasının şöbə müdiri Nuriyev Nəsrəddin Şahrza oğlu vətəndaşlardan rüşvət alarkən cinayət başında yaxalandıqarı üçün həbs olundular. Elgün Abdullayev barəsində 4 aylıq, Nəsrəddin Nuriyev barəsində isə yaşının çox olmasını nəzərə almaqla məhkəmənin qərarı ilə ev dustaqlığı tədbiri seçildi.

2022-ci ildə həbs olunan yeganə həkim Nəsrəddin Nuriyev olmadı. İlin sonuncu ayında Masallı Xəstəxanasının baş həkimi Eşqin Əliyev də Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilən əməliyyat-axtarış fəaliyyəti çərçivəsində saxlanılıb. O,  pasiyentlərdən rüşvət almaqda ittiham olunur. Beləliklə, Eşqin Əliyev Masallı rayon Xəstəxanasında son 2 ildə dəyişilən 3-cü baş həkim oldu.