SON XƏBƏRLƏR

Bu gün, 18 aprel – Beynəlxalq Abidələr və Tarixi Yerlər Günüdür.

Bu əlamətdar gün Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının təklifi ilə UNESCO tərəfindən 1983-cü ildə təsis olunub. Məqsəd insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltməkdir.

İnsanın yaratdığı abidələr, yaşadığı yerlər zahirən dilsiz olsa da, mövcud durumu ilə bizə çox şey söyləyir. Elə Lənkəranın simvolu sayılan Dairəvi qala (Zindan qalası) kimi.

Vaxtilə Lənkəranı müdafiə edən qalanın özünün bu gün müdafiəyə ehtiyacı var. Qalanın dam örtüyü artıq, demək olar ki, tamamən sökülüb. İçərisinə yağış suları dolduğundan ora da bərbad hala düşüb.

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti 2019-cu ildən bəri bu məsələni nəzarətində saxlamasına baxmayaraq, hələ də qalada heç bir bərpa və yenidənqurma işləri görülməyib.