Cəlilabad şəhər 9 saylı məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində işləyən Rauf Məlikov haqsızlıqla qarşılaşdığını iddia edir. Bu haqda məlumatı Cenublu.az bu gün, 22 aprel tarixində Qafqazinfo-ya istinadən verir.
16 ildir müəllim olaraq çalışan Rauf Məlikov müraciətində bildirib ki, direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin nəticələrinə əsasən keçirilən seçimlər zamanı ona qarşı haqsızlıq olub: “Məktəbimiz iki ildir fəaliyyət göstərir. Açıldığı vaxtdan burada çalışıram. 2021-ci ildə direktorların işə qəbulu üzrə müsabiqəyə qatıldım və 33 bal topladım. Həmin il pandemiya səbəbi ilə bizi müsahibəyə çağırmadılar. 2022-ci ilin aprel ayında vakansiya seçiminə çağırdılar. Vakansiya kimi elə öz çalışdığım təhsil ocağını, Cəlilabad şəhər 9 saylı məktəbi seçdim və müsahibəyə qatıldım. Müsahibədə də region üzrə ən yüksək nəticəni topladım. Mənimlə yanaşı, ikinci müavin də imtahana qatıldı. Lakin o, müsabiqədən keçə bilmədi. 60 baldan cəmi 6 bal topladı. Məni ehtiyat kadra atdılar və əsas kimi də göstərdilər ki, guya 9 nömrəli məktəb müsahibə vaxtı 500-dən çox şagirdi olan məktəblər siyahısına düşüb. Biz isə 500-ə qədər şagirdi olan məktəblər üçün imtahan vermişik”.
Müəllimin sözlərinə görə, əslində onlar imtahan verən zaman belə bir anlayış olmayıb: “Bizim məktəbin şagird sayı yanvar ayının hesabatında artıq 500-dən yuxarı olub. Mən isə vakansiyanı aprel ayında seçmişəm. Bu, regionun günahıdır. Niyə yanvar ayının hesabatında 500-dən yuxarı şagirdi olan məktəbi aprel ayında 500-dən aşağı şagirdi olan məktəblər siyahısına salıblar? Nəticə etibarilə mən də bu məktəbi seçmişəm. Məni ehtiyat kadra atdılar, lakin 6 bal toplayan digər müavinə müvəqqəti əmək müqaviləsi bağlayaraq direktor vəzifəsini verdilər”.
Rauf Məlikov bildirir ki, məsələ ilə bağlı aidiyyəti qurumların qəbulunda da olub: “Region idarəsinin rəhbərinin də, inzibati şöbənin də qəbulunda olmuşam. Məsələ ilə bağlı nazirliyə də müraciət etmişəm. Mən ehtiyat kadra düşməkdən şikayətçi deyiləm. Lakin işin şəffaf olması üçün ən azı 6 bal toplayan müəllimlə yox, mənimlə müqaviləni bağlayardılar. Mən olmasam belə, biliyi və bacarığı olan bir şəxsin direktor təyin edilməsi daha məqsədəuyğun olardı”.
Məsələ ilə bağlı Lənkəran-Astara Regional Təhsil İdarəsinə sorğu ünvanladıq. Qurumdan müraciətimiz belə cavablandırıldı: “Cəlilabad şəhər 9 nömrəli tam orta məktəbində 2022-2023-cü tədris ilinin birinci yarısında I-XI siniflər üzrə şagird sayı 601 nəfər, tədris ilinin ikinci yarısında isə I-XI siniflər üzrə şagird sayı 608 nəfər olub.
Müraciətinizə cavab olaraq bildiririk ki, şagird sayı 500-dən çox olan ümumi təhsil müəssisələrinə, eləcə də Cəlilabad şəhər 9 nömrəli tam orta məktəbinə direktorların işə qəbulu prosesi Azərbaycan Elm və Təhsil Nazirliyi tərəfindən mərkəzləşdirilmiş qaydada proqram təminatı vasitəsilə həyata keçirilir”.